Damazlıq (adət)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Damazlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir.

Azərbaycanın maldar əhalisi arasında geniş yayılmış mütərəqqi adətlərindən biri də "damazlıq" adlı el köməkliyi olmuşdur. "Damazlıq" adətinin nə vaxt və ilk dəfə hansı bölgədə meydana çıxması haqqında dəqiq məlumat yoxdur. Bir şey aydındır ki, "damazlıq" el köməkliyi adəti icma daxilində sosial təbəqələşmənin yarandığı şəraitdə meydana çıxmış və Azərbaycanın bütün bölgələrində yayılmışdır. XIX əsrə aid olan etnoqrafik ədəbiyyatda məlumat verilir ki, kənd ağsaqqalının təşəbbüsü ilə müflisləşmiş, mal-qarası olmayan bir kəndlinin evində yemək tədarükü görüb, qohum-qonşuları və kəndin bütün ailə başçılarını oraya qonaq dəvət edərdilər. Qonaqlıqda yeməkdən sonra ev sahibinə daha yaxın olan ağsaqqallardan biri qonaqlığın "damazlıq" məqsədilə təşkil edildiyini açıqlayardı. Qonaqlıq iştirakçılarının hər biri elə oradaca mal-qarası olmayan kəndlinin ailəsinə kimin nə ilə yardım edəcəyini elan edərdilər. Nəticədə qonaqlığın hər bir iştirakçısı ev sahibinə bir qoyun, quzu, dana, yaxud buzov bağışlamağa söz verərdi. Məclis dağıldıqdan sonra qonaqlıq iştirakçıları evə qayıdıb "damazlıq" kimi vəd verdikləri heyvanları həmin kəndlinin qapısına yollardılar. Nəticədə mal-qarası olmayan kəndli müəyyən qədər mal-qaraya sahib olub yoxsulluğun daşını atardı.Göründüyü kimi, "damazlıq" köməklik adəti hər adam üçün deyil, mal-qarası, xüsusilə sağını olmayan ailələr üçün təşkil edilərdi. Kənddə hamı görürdü ki, kimin qapısına qoyun-quzu getmir, kimin qapısında sağmal inək, yaxud camışı yoxdur, kimin ailəsi ağartıya həsrətdir. Odur ki, kənd camaatı, birinci növbədə qohumlar və qonşular sözü bir yerə qoyub, həmın ailənin də mal-qaraya sahib olmasına köməklik məqsədilə ona təmənnasız olaraq qoyun, sağmal inək, yaxud camış bağışlayardılar. Adətə görə, "damazlıq" heyvanı kəsməzdilər, ona xüsusi qayğı göstərər, mal-qaranın artırılmasına çalışardılar. "Damazlıq" qarşılıqlı yardım adətindən Şirvan, Qarabağ, Gəncə və Qazax bölgələrində mal-qaranın cinsini yaxşılaşdırmaq məqsədilə də istifadə edirdilər. Yaxşı cinsdən mal-qarası olan xeyirxah şəxslər yaxın qohumuna, dostuna həmin cins heyvanın bir dişi balasını damazlıq kimi bağışlayar, onların da yaxşı cins mal-qaraya malik olmalarına kömək edərdilər. "Damazlıq" adətindən azərbaycanlıların ailə məişətində xüsusi yeri olan kirvəlik münasibətlərində də bəxşeyiş məqsədilə istifadə edirdilər. Kirvələrdən birinin sağmal heyvanı olmadıqda digəri ona sağmal inək və ya damazlıq düyə bağışlardı. Belə damazlıq heyvanları da kəsmək olmazdı, ona xüsusi qulluq edir və heç olmasa ilk bala verənə qədər saxlayırdılar. "Damazlıq" qarşılıqlı yardım forması ilə bağlı qeydə alınmış bir adətə görə, Qarabağda maldar soylar arasında müəyyən səbəblər üzündən yeganə dəvə, öküz, inək, yaxud qoyunlarından məhrum olan yoxsul tərəkəmə varlı maldarların evlərinin hərəsinə bir təzə baş yaylığı göndərərdi. Baş yaylığının kim tərəfindən göndərildiyini öyrənən hər bir dövlətli tərəkəmə vəziyyətin nə yerdə olduğunu başa düşər və öz çobanı, ya da naxırçısına ehtiyacı olan soydaşının evinə bir damazlıq heyvan göndərməyi tapşırardı.Beləliklə, yoxsul və ya müflisləşmiş tərəkəmə "damazlıq" köməklik adətindən istifadə etmək yolu ilə müəyyən qədər malqara toplayıb təsərrüfatını bərpa edir, ailəsinin iqtisadi vəziyyətini yaxşılaşdırırdı.

"Damazlıq" qarşılıqlı yardım forması ilə bağlı adətlərdən biri Azərbaycanın Zəngəzur bölgəsində "umya" adı ilə tanınmışdır. Bu adətə görə, müflisləşmiş şəxs həyətbəhəyət gəzərək hər qapıya kiçik bir əşya (məsələn, yaylıq, corab, kibrit qutusu) qoyub çıxardı. Bu o deməkdir ki, çətinə düşmüş şəxs el-obasından kömək istəyir, yəni öz həmkəndlilərindən, soydaşlarından yardım umur. Kəndin camaatı "umya" çağıran şəxsə hərə öz imkanı müqabilində bir qoyun, quzu, keçi və ya düyə verməklə kömək edirdi. "Umya" verilən heyvanlar, adətən dişi heyvan olurdu və xalq arasında damazlıq adlanırdı. "Umya" barədə el arasında deyilirdi: "Umya kasıbın dirəyidir". Bəzən varlı adamlar da "umya"dan öz var-dövlətlərini daha da artırmaq məqsədilə istifadə edirdilər. Deyildiyinə görə, indiki Kəlbəcər rayonunun Yanşaq kəndində Xırdaxanım adlı bir dövlətli qadın "umya" yolu ilə kəndlilərə 1 manatdan pul paylamaqla oğlanları Əbülfət bəy və Hidayət bəy üçün 200 baş dana və 100 baş qoyun toplamışdı. "Umya"dan varlanmaq məqsədilə istifadə edilən helə hallar barədə "xalq tikən evi top dağıtmaz" zərb-məsəli mövcuddur.

  • V.A.Çıraqzadə. "Damazlıq" qarşılıqlı yardım forması haqqında. Azərbaycan EA "Məruzələri", XXIV c, № 8, 1968.
  • T.Ə.Bünyadov. Azərbaycanda maldarlığın inkişaf tarixindən. Bakı, 1969
  • Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. Bakı,2007.
  • H.A.Həvilov. Azərbaycanın maldarlıq mədəniyyəti. Bakı, 1987.
  • К.Т.Каракашлы. О пережитках древнего институга взаимопомощи в Азербайджане. Azərbaycan EA "Xəbərləri" (İctimai elmlər seriyası), 1958, № 2.