Davud
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Davud | |
---|---|
ivr. דָּוִד | |
Rütbə | Peyğəmbər |
Doğum tarixi | E.ə. 1040 |
Doğum yeri | |
Vəfat tarixi | E.ə. 970 |
Vəfat yeri | |
Xatirə günü | 29 dekabr |
Vikianbarda əlaqəli mediafayllar |
Davud (David; e.ə. 1039[2], Beytləhm[1] – e.ə. 969[3], Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə. təqr. 973 il). Yəhudi folklorunda Davud nəhəng pəhləvan Caluta qalib gələn cəsur gənc kimi təsvir olunur. Bibliyada Davuda aid Zəbur kitabı var. İslamda Davud Məhəmməddən əvvəlki peyğəmbərlərdən hesab olunur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Çar Davudun 20-ə yaxın arvadı və çoxlu kənizləri olub.
DAVUD PEYĞƏMBƏR
[redaktə | mənbəni redaktə et]Bəni-İsrail Yuşə ibni Nundan sonra bölündü. Daha doğrusu onlar Allah qarşısında fərmansızlıq etdilər. Düşmənlər bu fürsəti qənimət bilib bəzi şəhərləri və torpaqları Bəni-İsrailin əlindən aldılar. Bəni-İsrailin müharibədə çoxlu əsgərləri tələf oldu.
Bəni-İsrailin bir tabutu var idi. Bəzi rəvayətlərə görə, tabutun uzunluğu üç dirsək və eni iki dirsək olub. Tabutun içindəkilərə və ya başqa bir səbəbə görə, Allah taala ona bir xüsusiyyət bəxş etmişdi ki, hər vaxt Bəni-İsrail düşmənlə vuruşa getmək istəyəndə həmin tabutu qoşunun qabağında qoyurdular. Bu da Bəni-İsrailin qəlblərinin rahatlığına və düşmənə qələbə çalmasına səbəb olurdu. Hətta bəzi rəvayətlərə əsasən, tabut Bəni-İsraillə danışır və xeyir-şərrlərini onlara bəyan edirdi. Bəzi alimlərin dediyinə görə, elə həmin iman onların qəlblərinə təskinlik verirdi. Bu da Bəni-İsrailin hidayətinə səbəb olurdu.
Bəni-İsrailin törətdiyi fitnə-fəsad, zülm, tüğyan və günahlar, şərəf və qüdrətlərinin əldən çıxması ilə bərabər oldu. Düşmənin istismarına məruz qaldılar. Nəhayət müharibələrdən birində "müqəddəs tabut" da düşmən əlinə keçdi. Ondan sonra məğlubiyyət hissi və ruhiyyəsizlik Bəni-İsraildə daha da gücləndi. İş o yerə çatdı ki, Bəni-İsrailin düşmənləri və padşahlardan biri olan Calut onlardan bac aldı. Bununla da Bəni-İsrail xar və zəlil oldu.
Əli İbni İbrahim öz təfsirində İmam Baqirdən (ə) rəvayət edir ki, o zamana qədər Bəni-İsrail tayfasında peyğəmbərlik məqamı Lavi nəslində idi. Allah taala Bəni-İsrail peyğəmbərlərini onun övladlarının arasından seçirdi. Padşahlıq və səltənət isə Yusifin nəslinə, onun övladlarına çatırdı.
İŞMUİL VƏ TALUT
[redaktə | mənbəni redaktə et]Allah taala Lavi nəslindən İşmuil , Şamuel və ya Şimuil adında bir peyğəmbər seçdi. İlahi peyğəmbər qırx il zəhmət və çətinliklərdən sonra Bəni-İsrailin siyasi vəziyyətini müəyyən qədər səhmana saldı. Onların çoxunu bütpərəstlikdən və zəlalətdən xilas etdi.
Bəni-İsrail düşmənlərlə müharibə etmək, öz torpaqlarını işğal altından çıxartmaq, əvvəlki şərəf və qüdrətlərini bir daha qazanmaq üçün İşmuil peyğəmbərə dedilər ki, onlar üçün bir padşah təyin etsin. İşmuil peyğəmbər Allahın hökmü ilə Talutu onlar üçün padşah seçdi. Bu hadisəni Allah taala Qurani-Kərimin "Bəqərə" surəsində belə bəyan edir:
"Bəni-İsrail başçılarından ibarət dəstənin Musadan (ə) sonrakı peyğəmbərə belə dediklərini eşitmədinmi?" Allah yolunda mübarizə etmək üçün bizə padşah tə’yin et! O dedi: -"Bəlkə sizin üçün mübarizə yolu yazılarsa mübarizə etmədiniz?" (yəni Allahın əmrindən boyun qaçırdınız) Dedilər: -"Nəyə görə mübarizə etməməliyik. Halbuki, öz vətənimiz və övladlarımızdan uzaq düşmüşük." Mübarizə onlar üçün təyin edildikdən sonra az bir dəstədən başqa (düşmənlə müharibə etməkdən) hamı üz çevirdi. Allah zalım və nadanların işindən xəbərdardır. Peyğəmbərləri onlara dedi: -"Allah Talutu sizə padşah təyin etdi". Onlar (etirazla) dedilər: -"Padşahlığa bizim layiq olduğumuz və onun mal-dövləti aldadıcı (çoxlu mal-dövlət yox idi) olan halda o, necə bizim padşahımız olacaq?"
Beləliklə, İşmuil Talutun padşahlıq əlamətini onlar üçün açıqladı və onların iradına cavab verdi. Talut Bəni-İsrailə qaytarılması haqda belə yazırlar:
Bəni-İsrailin düşmənləri tabutu onlardan alandan sonra bütxanaya gətirib qoydular. Bir neçə gündən sonra boyunlarında ağrı hiss etdilər. Başa düşdülər ki, bu ağrı həmin tabutun təsiridir. Tabutu bütxanadan çıxartmağa məcbur oldular. Onun yerini dəyişdirdilər. Lakin tabutu hara aparırdılarsa orada bəla, ölüm və vəba kimi xəstəliklər yayılırdı. Axırda tabutu Bəni-İsrailə qaytarmağı qərara aldılar. Tabutu bir taxtın üstünə qoydular, taxtı iki inəyə bağladılar. İlahi mələklər inəkləri Bəni-İsrail tərəfə hərəkət etdirdilər. Tabut Bəni-İsrailə qaytarıldı.
Bəni-İsrail tabutu görəndən sonra Taluta itaət etməyə və onun fərmanına əməl etməyə öz hazırlıqlarını bildirdilər. Talut da onları Calutla müharibəyə apardı.
Qurani-Kərim əhvalatın ardınca belə buyurur:
"Talut qoşunu yola düşdüyü zaman onlara dedi: -"Allah sizi bir bulaq ilə imtahana çəkdi. Sudan bir ovuc götürəni çıxmaq şərti ilə kim o sudan içməzsə, mənim tərəfimdədir. (Bulağa çatarkən) bir neçə nəfərdən başqa (digərləri) o bulaqdan su içdilər."
Talutun səksən minlik, yaxud da yetmiş minlik qoşunu möhkəm susamışdılar. Talut onlara dedi: -"Sizin yolunuzun üstündə çay axır. Amma hər kəs bir ovuc sudan çox içsə, mənim tərəfdarım deyil. Bu, Allahın sizin üçün qoyduğu imtahandır. Burada mənim fərmanıma əməl edənlər və fərmanımdan boyun qaçıranlar məlum olacaq".
Lakin suya çatandan sonra yalnız üç yüz nəfər Talutun hökmünə əməl etdi. Qoşunun qalan hissəsi ürəkləri istədiyi qədər su içdilər. Elə bu da onların daha çox susamalarına səbəb olmuşdu. Müharibə meydanında da öz qüdrətlərini itirib dedilər: -"Bu gün Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur."
Amma Talutun göstərişinə əməl edib bir ovuc sudan çox su içməyənlərin susuzluğu aradan getdi və döyüş meydanında da öz hazırlıqlarını elan etdilər. Onlar düşmənin çoxsaylı qoşunundan qorxmayaraq dedilər:
-"Az əsgərləri olan dəstələr Allahın köməyi ilə çox qoşunu olan düşmənlərinə qələbə çalmışlar və Allah səbir edənlərin dayağıdır."
Onlar Allah taaladan kömək istəyərək dedilər:
-"Pərvərdigara, bizə səbir və dözüm ver, bizi kafirlərin dəstəsinə qalib et."
Beləliklə, ixlas və itaət əhli münafiq insanlardan seçildi. Talut başa düşdü ki, qoşunun çoxunu iradəsiz və qorxaq insanlar təşkil etmişdir. Onlar imtahan günü öz günahkar ruhiyyələrini və daxili fərmansızlıqlarını aşkara çıxartdılar.
DAVUDUN ƏLİ İLƏ CALUTUN ÖLDÜRÜLMƏSİ VƏ BƏNİ-İSRAİLİN QƏLƏBƏSİ
[redaktə | mənbəni redaktə et]İki qoşun üz-üzə gəldi. Bir-birinin qarşısında sıraya düzüldülər. Talutun əsgərləri arasında üç qardaş gözə çarpırdı. Bu üç qardaşın İşa adında qoca atası və Davud adında kiçik bir qardaşı var idi. İşa üç oğlunu Talutun qoşunuyla müharibəyə göndərdi. Amma Davudu qoyunları otarmaq və özünə kömək üçün saxladı. Çünki Davudun müharibəyə hazırlığı yox idi. İşa fikirləşirdi ki, Calutun qoşunu ilə vuruşmağa Davudun kifayət qədər qüdrəti yoxdur. Bir müddətdən sonra İşa gördü ki, müharibə çətinləşib, döyüşün vaxtı uzanıb və Talutun qoşunun işi ağırlaşıbdır. O, Davudu çağırıb dedi:
-"Qardaşların üçün yemək apar. Həm də müharibə meydanındakı vəziyyətdən mənim üçün təzə xəbər gətir".
Davud qoyunları otarmağa aparanda heyvanların hücum etməyib, qoyunları ram etmək üçün çox vaxt özü ilə gəzdirdiyi sapandını özü ilə götürdü. Qardaşlarının yeməyini də götürüb müharibə meydanına tərəf yola düşdü. O, yol gedərkən yerdən üç daş götürüb özüylə apardı.
Davud meydana girən kimi gördü ki, Talutun əsgərləri Calutu tərifləyir və onun cürətindən söz açırlar. Davud onlara dedi:
-"Nə üçün Calutdan qorxur və onu tərifləyirsiniz? And olsun Allaha, əgər onu görsəm öldürəcəyəm".
Əsgərlər Davudun sözünü Taluta çatdırdılar. Talut onu öz yanına çağırıb soruşdu: -"Sənin gücün nə qədərdir? Öz qüvvəni necə təcrübə etmisən?" Davud dedi: -"Bəzi vaxt yırtıcı şir qoyunlarıma hücum edib onlardan birini götürüb aparır. Mən şirin ardıyca gedib şirin başını bədənindən ayırmışam. Öz əllərimlə şirin çənəsini bir-birindən ayırıb qoyunu ağzından çıxartmışam."
Bundan əvvəl Allah taala Taluta vəhy etmişdi ki, Calutun qatili sənin zirehini geyinəcək və əyninə də yaxşı qalacaq. Bu zaman Talut öz zirehini Davuda geyindirdi. Gördü ki, zireh onun əyninə yaxşı qalır. Bu hadisə Talutu və onun yanındakıları təəccübə gətirdi. Talut dedi: -"Ümidvaram ki, Allah taala Calutu bu cavanın əli ilə məhv edəcək".
Başqa bir gün iki qoşun döyüşə hazırlaşdı. Davud dedi:
-"Calutu mənə göstərin".
Calutu ona göstərdilər. Davud daşı sapanda qoyub Calutun alnını nişan aldı. Daşı atdı. Daş Calutun başını yardı. Davud ikinci və üçüncü daşı da sapanda qoyub Calutu vuraraq öldürdü və onun qoşununa vəlvələ saldı. Calutun qoşunu məğlub oldu.
Davudun adı dillərə düşdü. O, zaman keçdikcə məşhurlaşdı. Bəni-İsrail onu özlərinə rəhbər seçdi. Allah taala da Davudu peyğəmbərliyə çatdırdı.
Tarix kitabları və sünni təriqi ilə nəql olunmuş rəvayətlər göstərir ki, Talut öz qızını Davudla evləndirdi. Ondan sonra Davuda paxıllığı tutub onu öldürmək fikrinə düşdü. Amma Allah taala Davudu onun şərrindən qorudu. Lakin bu hədislərin sənədi düz deyil. Çünki, Allah taala Talutu onun elmi və hikmətilə tərif edib. Bəni-İsrail rəhbərliyini ona tapşırıb, ona görə də Taluta bu töhməti vurmaq olmaz. Elə buna görə də Nəccarın nəql etdiyi Talutun bu macərasının bu hissəsinə etirazımızı bildirmirik və bununla da bu fəsli burada bitmiş elan edirik.
ALLAH-TAALANIN DAVUDA ETDİYİ BƏXŞİŞ
[redaktə | mənbəni redaktə et]Allah taala peyğəmbərlik məqamından başqa Bəni-İsrailin səltənətini də Davuda bəxş etdi. Davud iki böyük məqama yetişdi. Allah taala başqa nemətləri də Davuda nəsib etdi. O cümlədən "Ənbiya" surəsində buyurur:
-" Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tə'rifləsinlər deyə ona ram etdik. Bunları Biz etmişdik. Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. "
Əlbəttə, dağların və quşların Davudla etdikləri təsbihin necəliyi haqqında təfsir kitablarında müxtəlif fikirlər deyilmişdir. Bəzi təfsirçilərin nəzərinə görə, dağlar və quşlar möcüzə üzündən Davudla gəzirdilər. Onlar Davudun fərmanı altında idilər. Başqa alimlərin dediklərinə görə isə dağlar və quşlar Davudla birlikdə təsbih deyirdilər. Yəni Davud Allaha zikr etdikcə onlar da zikr edirdilər.
Tarix və rəvayətlərə əsasən Allah taala dəmiri Davudun əlində yumşaldırdı. Davud dəmiri odda qızdırmadan onu öz əlində mum kimi əridib nazik məftil edərək zireh düzəldirdi. Təfsir alimi Qutadə yazır: "İlk dəfə Davud zireh düzəldib və müharibələrdə ondan istifadə ediblər."
Həmçinin "Səba" surəsinin 10–11-ci ayələrində Allah taala buyurur:
-"Davuda Öz tərəfimizdən üstünlük verdik (dedik): -"Ey dağlar, onunla həmahəng olun və ey quşlar! Dəmiri onun üçün yumşaltdıq (ona dedik), kamil zireh düzəlt və onun halqalarını eyni ölçüdə et, layiqli işlər görün ki, sizin etdiyiniz hər şeyi görürəm."
Allah taala "Sad" surəsində buyurur:
-"…Qüvvə sahibi olan bəndəmiz Davudu xatırla ki, həqiqətən o, (Allaha sarı) çox müraciət edən idi. Biz dağları onun üçün ram etdik ki, gecə və gün doğan zaman onunla təsbih edirdilər. Quşları da hamılıqla (onun üçün ram etdik). Onun padşahlığını möhkəm etdik və ona hikməti, keçərli söz əta etdik."
Bir çox təfsirçilərin dediyinə görə, son cümlənin mənası insanlar içində hakimlik elmini ona verilməsidir.
İbni Əsir yazır: "Allah taalanın Davuda verdiyi nemətlərdən biri də onun gözəl və ruhoxşayan səsi idi. Hər vaxt Zəburu oxuyanda səhranın vəhşiləri onun başına yağılırdı.
Allahın Davuda bəxş etdiyi nemətləri qısa olaraq aşağıda yazırıq:
- Dağlar və quşlar Davudun ixtiyarında idi. Onlar Davudla zikr edirdilər;
- Dəmir Davudun əlində yumşalırdı. O, dəmiri qızdırmadan istədiyi formaya salırdı;
- Zireh tikmək elmi ona öyrədildi. Bu da Bəni-İsrailin müharibələrdə qələbə çalmağına səbəb olurdu;
- Allah taala ona cisim, elm və ibadət nöqteyi-nəzərindən böyük qüvvə vermişdi;
- Allah taala onun səltənətini möhkəmləndirdi. Əqəbə körfəzindən Fərat çayına qədər onun fərmanı altında idi. Fələstin şəhərlərini çoxlu müharibələrdən sonra ələ keçirtdi. Dəməşqi armilərin əlindən aldı. Fərat sahili boyunca olan şəhərləri fəth etdi. Ümumiyyətlə, demək olar ki, Əqəbə körfəzindən İran sərhədlərinə qədər onun hökuməti altında idi;
- Allah taala hikmət, müdriklik və qəzavət elmini ona bəxş etdi;
- "Məntiqüt-teyr" elmini ona öyrətdi. Bununla da quşların dilini başa düşürdü. Bunu bir dəstə müfəssirlər də təsdiq edirlər. Bəzi alimlər də buna "Nəml" surəsinin 16-cı ayəsini sübut-dəlil gətirirlər. Həmin ayədə həzrət Süleyman buyurur: -"Allah taala bizə quşların dilini öyrətdi."
Həmçinin "Sad" və "Səbə" surələrinin ayələrini də bu məsələ üçün şahid gətirirlər.
- Zəburu ona nazil etdi. Bu ilahi kitab məzhəbi məsələləri, Allahın təsbih və təmcidi, həmçinin gələcəkdə baş verəcək bəzi hadisələri xəbər verirdi. Allah taala Qurani-Kərimdə buyurur:
"Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq."
- Allah taala Davuda məlahətli səs vermişdi. Bu indiyə qədər atalar misalı olub. Bəzi elmi müəssisələr Həzrət Davudun fəzadakı səsini tapmaq fikrinə düşüblər;
- Allah taala Davuda Süleyman kimi övlad verdi. Həzrət Süleyman atasının elminə, hikmətinə və səltənətinə yiyələndi. O, ilahi böyük peyğəmbərlərdən biri oldu.
DAVUDUN İBADƏTI VƏ ALLAH QARŞISINDA AĞLAMASI
[redaktə | mənbəni redaktə et]Həzrət Davud Allaha çox ibadət edir və Haqq taalanın dərgahında ağlayırdı. Kuleyni İmam Sadiqdən (ə) hədis nəql edir ki, Davud ömrünün axırlarına qədər bir gün oruc tutur və bir gün iftar açırdı.
"Kamilüt-təvarix" kitabının müəllifi yazır:
Davud (ə) gecə ibadətlə məşğul olurdu. O, ömrünün yarısını oruc tutub. Yəni bir gün oruc tutur və bir gün iftarını açırdı. O, ibadət edir və Allah dərgahında çox ağlayırdı. Sələbinin "Ərais" kitabında Davudun ağlaması barədə maraqlı söhbətlər olubdur. Onun göz yaşıyla ot və bitki göyərirdi.
Peyğəmbəri-əkrəmdən (s) rəvayət olunur ki, həzrət Davud (ə) ağlamaqdan yanaqlarında iki arx yaranmışdı. Allah hamıdan yaxşısını bilir.
Həmçinin nəql olunur ki, həzrət Davud gününü dörd yerə bölmüşdü. Bir gün Bəni-İsrailin məhkəmə və qəzavət işlərinə çatırdı, bir gün öz əhli-əyalına xidmət edirdi, bir gün Allahı zikr və təsbih etmək üçün dağlara, səhralara gedirdi, bir gün də öz evində tək-tənha ibadət edirdi. Rahiblər onun yanına gəlir və bir yerdə dua oxuyurdular.
HƏZRƏT DAVUDUN TÖVBƏ VƏ QƏZAVƏTİ
[redaktə | mənbəni redaktə et]Qurani-Kərimdə həzrət Davudun (ə) qəzavətindən biri, onun həmin hadisədə imtahan olmasından qısa söz açılıb və Davudun (ə) tövbəsi bəyan olunubdur. Həmin ayələri cürbəcür təfsir ediblər. Çox təəssüf ki, bəzi müfəssirlər sünni təriqi ilə təfsir olunmuş kitablara və indiki Tövratda yazılmış mətnə əsaslanaraq, o ilahi, böyük peyğəmbərə xoşagəlməz sözləri nisbət veriblər. Hətta o həzrətin böyük günaha mürtəkib olduğunu iddia ediblər. Biz bu məsələnin aydınlaşması üçün əvvəl Qurani-Kərimin ayələrini tərcümə edib sonra isə imamların (ə) buyurduqları sözləri ilə onu açıqlayacağıq.
Allah taala "Sad" surəsində Məhəmməd (s) peyğəmbərə buyurur:
"Dava əhlini mehrabın divarından (yə’ni Davudun ibadət mehrabından) yuxarı dırmaşdıqları əhvalatı eşitməmisən? Davudun yanına çatanda, Davud onlardan qorxdu. Onlar dedilər: -"Qorxma, biz iki nəfər dava etmişik. Biz bir-birimizə zülm etmişik. Sən bizim aramızda hökm ver və (hökmdə) zülm etmə. Bizi ortaq və ədalətli yola yönəlt. Mənim qardaşımın 99 camışı var. Mənim isə bir camışım var. O, deyir ki, o bir camışı da mənə ver. O, məni sözdə məğlub etmişdir". Davud dedi: -"Həqiqətən də sən camışlarına bir camış da artırmaq üçün özünə zülm etdin". Çox şəriklər bir-birləri ilə çox qarışdıqlarına görə zülm edirlər. İman və layiqli əməllərə sahib olanlardan başqa. Onların da sayı çox azdır. Biz Davudu sınadığımızı bilirdi. Pərvərdigarından əfv olunmasını istədi, rükuya gedib tövbə etdi. Biz də bu hadisəni ona bağışladıq. Bizim dərgahımızda onun məqam və yaxşı aqibəti var idi. Ey Davud, biz səni bu diyarda xəlifə və canişin seçdik. Camaat arasında haqla hakimlik et. Nəfsin istəklərinə tabe olma ki, səni Allah yolundan azdırar. Doğrudan da Allah yolundan azmışların çətin əzabları var. Çünki onlar "Hesab" gününü unutmuşlar".
Yuxarıdakı ayələrdən məlum olduğu kimi iki nəfər qeyri-adi yolla, yəni mehrabın divarından aşıb düşmənçiliyi aradan götürmək üçün Davudun (ə) yanına gəldilər. Davud bu səbəbə görə onları başı üstündə görüb və ya onun düşmənləri çox olduğundan elə başa düşdü ki, o iki nəfər onu öldürməyə gəlir. Davud (ə) onların nagahan gəlmələrindən qorxdu. Amma onlar Davuda təskinlik verib dedilər ki, biz sənin yanına aramızdakı mübahisəni həll etmək üçün gəlmişik. Sonra onlar öz şikayətlərini etdilər. Davud (ə) isə fikirləşmədən hökm verir. Hökm verəndən sonra başa düşür ki, bu Allahın imtahanı idi. Müxtəlif dəlillərə və rəvayətlərə əsasən həmin iki nəfər mələk idilər. Onlar insan surətində Davudun (ə) yanına onu imtahan etmək məqsədilə gəlmişdilər. Buna görə də Davud (ə) istiğfar edərək Allahdan bağışlanmaq istəyir. Allah taala da onun təqsirindən keçib sifariş edir ki, haqqa hökm etsin və nəfsinə tabe olmasın.
Qurani-Kərimdə əhvalatın xülasəsi belə zikr olubdur. Gördüyünüz kimi ayələrdə Davudun (ə) imtahan verməsindən, istiğfarından, tövbə etməsindən, sonra isə haqqa hökm verməsinə əmr olunması və nəfsi istəklərinə tabe olmamasından söz açılıb. Müfəssirlər əhvalatın necə baş verməsini tədqiq etmək fikrinə düşüblər. Onlar bilmək istəyirlər ki, görəsən o hadisədən qabaq Davud (ə) bir iş görərək bu imtahana və ona verilən göstərişə səbəb olubdur? Yoxsa həmin macəra, yəni iki nəfərin qeyri-adi vəziyyətdə mehrabın divarından gəlməsi Davudun (ə) başqa cür fikirləşməsinə və onları tənbih etmək niyyətinə düşməsinə səbəb oldu. Lakin birdən yadına düşdü ki, bu fikirlər, ehtimallar peyğəmbərlik məqamı ilə uyğun gəlmir və onun pak ruhunu, təmiz qəlbini aludə etdi. Bu, Davud (ə) üçün bir imtahan və sınaq idi. Buna görə də o, istiğfar edir, bağışlanmaq istəyir və Allahın dərgahına tövbə edirdi.
Yaxud da həzrət Davudun (ə) tələsik, fikirləşmədən və hər iki tərəfin vəziyyəti aydınlaşmadan hökm verməsi bir növ səhv idi. Birdən öz səhvini düşünüb Allah dərgahına tövbə etdi və bağışlandı.
Bəzi müfəssirlər isə bu əhvalatı həzrət Davudun (ə) Uryanın arvadı ilə evlənməsi ilə əlaqələndirirlər. Onlar həzrət Davudun (ə) Uryanın arvadı ilə evlənməsini indiki saxta Tövratdan nəql edirlər. Sonra isə bu məsələni həmin iki nəfərin arasındakı qəzavətlə əlaqələndirmək üçün özlərindən başqa sözlər də əlavə edirlər.
Həzrət Davudun (ə) guya Uryanın arvadıyla evlənməsi indiki Tövratda belə nəql olunur:
Bir gün Həzrət Davud (ə) evin damına çıxdı. Oradan Uryanın arvadını gördü. Uryanın arvadı çox gözəl idi. Davud (ə) ona vuruldu. Bu vaxt Urya müharibədə idi. Davud qoşun başçısına sifariş göndərdi ki, Uryanı tabutun üstünə qoyub qoşunun qabağında düşmənlə üzbəüz saxlasın. Davudun (ə) bundan məqsədi Uryanın öldürülməsi və onun arvadı ilə özü evlənməsi idi. Düşmənin düşərgəyə yaxınlaşmaq, müharibənin qayda-qanunu ilə zidd olmasına baxmayaraq, qoşun başçısı Davudun hökmünü icra etdi. Bu da Uryanın ölümünə və Davudun onun arvadı ilə evlənməsinə səbəb oldu.
Bu əhvalatı özlərindən düzəldənlər doxsan doqquz camışı olan iki nəfərin arasındakı qəzavətlə bunu əlaqələndirərək deyirlər:
-"Davudun doxsan doqquz arvadı var idi. Elə ki, Uryanın arvadına vuruldu Allah taala onun səhvini başa salmaq üçün iki mələk göndərdi.
Dastan düzəldənlər buna əlavə edirlər: Davud mehrabda namaz qılırdı. İblis ağ və gözəl bir quş simasında Davudun (ə) gözündə cilvələndi. Davud quşu görüb namazını kəsdi. Quşun uçduğu səmtə getdi. Evin damına çıxanda quş Uryanın evinə getdi. Uryanın arvadı bədənini yuyurdu. Davudun (ə) gözü Uryanın arvadına sataşdı və ona vuruldu. Amma dastanı düzəldənlər fikirləşməyiblər ki, bu töhməti hətta adi və sıravi şəxsə nisbət vermək düzgün deyil. Lakin onlar başa düşmürlər ki, ilahi və böyük peyğəmbərlərdən olan Davuda (ə) belə töhmət vurmaq ağılsızlıqdır. Həzrət Davud (ə) gecə-gündüz ibadətlə məşğul olur və Allah dərgahına xüzu-xüşu edirdi. Seyid Murtəzanın dediyi kimi, bu sözlərin nə qədər yanlış və həqiqətdən uzaq olduğu çox aydındır. Onlara cavab verməyə ehtiyac yoxdur. İndi hal-hazırda olan Tövrat Davudu peyğəmbər kimi tanımır. Bundan əlavə indiki Tövrat həzrət Musaya (ə) nazil olan Tövratdan tamamilə fərqlənir. Çünki hətta onun mətnini də dəyişiblər. İndiki Tövratda təkcə Davuda yox, başqa peyğəmbərlərə də hörmətsizliklə yanaşıblar. Ona görə də Davuda olunan laqeydlik heç də təəccüblü deyil. Lakin bu dastanı düzəldib iki hadisəni bir-biriylə əlaqələndirmək çox təəccüblü işdir. Həqiqətdə isə nə Davudun Uryanın arvadıyla evlənməsi onların dediyi kimidir, nə də ki, bu iki hadisə bir-biriylə əlaqədar deyil. Şeyx Səduq Əbasəlt Hərəvidən bir hədis nəql edir ki, İmam Rza (ə) Əli İbni Məhəmməd İbni Cəhmdən soruşdu: -"Camaat Davud haqqında nə deyirlər?"
Əli İbni Məhəmməd İbni Cəhm şeytanın gözəl, ağ quş timsalında Davudun gözünə görünməsini, Davudun namazı sındırması, Uryanın arvadına baxmasını və nəhayət onunla evlənməsi haqqında düzəldilmiş dastanı imam (ə) üçün nəql etdi. İmam (ə) əlini alnına vurub buyurdu:
-"Hər şey Allahındır və hər şey ona sarı qayıdır. Siz ilahi peyğəmbər haqqında deyirsiniz ki, bir quşun dalınca düşmək məqsədilə öz namazını batil etdi?! O, bu qədər namazı yüngül sanırdı?! Sonra da iddia edirsiniz ki, naməhrəm qadına baxıb və onun ərini qətlə yetirib?!"
Əli İbni Məhəmməd ərz etdi: -"Ey Allah Rəsulunun övladı! Bəs Davud haqqında deyilən səhv nə idi?
İmam (ə) buyurdu: -"Vay olsun sənə! Davud özlüyündə təsəvvür etdi ki, Allah taala ondan savadlı məxluq yaratmayıbdır. Allah taala da iki mələyi onun yanına mehrabın üstündən göndərdi. Onlar öz şikayətlərini Quranda olduğu kimi Davuda dedilər. Davud da tələsik (iddia edən şəxsdən dəlil və şahid istəmədən) onlardan birinin əleyhinə qəzavət etdi. Davud siz təsəvvür etdiyiniz kimi, səhv etməyib, o, qəzavət və hökmdə səhv edibdir. Siz eşitməmisinizmi Allah taala o hadisədən sonra Davuda buyurdu: -"Ey Davud, Biz səni yer üzündə xəlifə seçdik. Beləliklə, camaatın arasında haqla hökmranlıq et!
Əli İbni Məhəmməd imamdan (ə) soruşdu: -"Bəs Davudla Uryanın əhvalatı necə olub?"
İmam Rza (ə) buyurdu: -"Davudun dövründəki adətə görə əri ölmüş və ya öldürülmüş arvad ömrünün axırına qədər heç kəslə evlənmirdi. İlk dəfə bu işi Allah taala Davuda halal etdi. Urya müharibədə şəhid olandan və arvadının iddəsi çıxandan sonra Davud həmin arvadla evləndi."
Davudun imtahana çəkilməsini Fəxr Razi və başqaları belə bəyan edirlər:
Davudun düşmənlərindən bir dəstəsi onu öldürmək niyyətinə düşdülər. Onlar bir gün Davud mehrabda ibadət edərkən mehrabın divarından qalxıb ona yaxınlaşdılar. Lakin Davudun yanında bir neçə nəfər gördülər. Başa düşdülər ki, bu vəziyyətdə Davudu öldürə bilməyəcəklər. Ona görə də istədilər həmin vaxtda və o vəziyyətdə Davudun yanına gəldikləri üçün bir məsələyə cavab istəsinlər. Əvvəldə qeyd olunan iddianı həmin formada bəyan etdilər. Həqiqətdə həmin iddianı məcburiyyət qarşısında özlərindən düzəltdilər. Çünki Davudu öldürmək istədiklərini bir yolla ört-basdır etməyə məcbur idilər. Həzrət Davud isə onların əsl niyyətini bildiyi üçün onlardan intiqam almaq istədi. Lakin birdən peşman oldu. Öz-özünə fikirləşdi ki, ola bilsin onlar məni öldürmək məqsədilə gəlməyiblər. Ola bilsin ki, doğrudan da öz məsələlərini həll etmək üçün gəliblər.
Bu hadisə Davud üçün bir imtahan idi. Elə bu da səbəb oldu ki, Davud onlar barəsində tutduğu fikirdən dönüb tövbə etsin.
DAVUDUN HƏYATI VƏ ONUN QƏZAVƏTLƏRİ
[redaktə | mənbəni redaktə et]Şeyx Tusi "Təhzib" kitabında İmam Baqirdən (ə) rəvayət edir: Bir gün İmam Əli (ə) məscidə gəldi. Həzrət gördü ki, bir cavan ağlayır. Bir neçə nəfər də cavanın ətrafına toplaşıb onu sakitləşdirmək istəyirlər. İmam Əli (ə) o cavana buyurdu: -"Nə üçün ağlayırsan?" O cavan dedi: -"Ey Əmirəl-möminin (ə), Qazi Şüreyh mənim haqqımda elə bir hökm veribdir ki, məni ağlamağa vadar edibdir. Atam bu bir neçə nəfərlə birlikdə səfərə getdilər. Onlar qayıtdılar, lakin atam qayıtmadı. Onlardan soruşdum ki, atama nə olubdur? Dedilər:
-"Atan öldü".
Soruşdum:
-"Atamın malları haradadır?"
Dedilər:
-"Onun heç nəyi yox idi. Mən onları Şüreyhin yanına gətirdim. Şüreyh də onlara and içdirdi. Onlar da dediklərinə and içdilər. Halbuki, atam səfərə gedəndə çoxlu malı var idi."
Əli (ə) hökm verdi ki, cavanı atasıyla səfərə gedənlərlə birlikdə Şüreyhin yanına aparsınlar. Şüreyhin yanına gələndən sonra Həzrət (ə) üzünü ona tutub buyurdu: -"Ey Şüreyh! Bunların arasında necə qəzavət etdin?" Şüreyh dedi: -"Ey Əmirəl-möminin! Cavan oğlan iddia edir ki, atası bunlarla bir yerdə səfərə gedib, lakin qayıtmayıblar. Mən də bu davanı görüb cavandan soruşdum: -"İddia etdiyin sözlərə şahidin vardırmı?" O, dedi: -"Xeyr". Mən də bunlara and içdirdim."
Əli (ə) buyurdu: -"Ey Şüreyh! Bu yerdə belə qəzavət edirsənmi?"
Şüreyh dedi: -"Bəs, bu barədə hökm necədir?"
Əli (ə) buyurdu: -"Ey Şüreyh! Allaha and olsun, bu gün elə bir hökm verəcəyəm ki, məndən qabaq Davud peyğəmbərdən başqa heç kəs belə hökm verməyib."
Sonra Əli (ə) Qənbəri çağırıb buyurdu: -"Qoşun başçılarını çağır gəlsin". Cavan oğlanın atasıyla səfərə gedənlərin hər birini bir qoşun başçısına təhvil verərək onlara uca səslə buyurdu: -"Siz nə deyirsiniz? (nə fikirdəsiniz?) Elə bilirsiniz ki, mən bilmirəm bu cavanın atasının başına nə gətirmisiniz?"
Sonra Əli (ə) hökm verdi ki, onların baş-gözlərini örtüb hər birini məscidin bir sütununun yanında saxlasınlar. Əli (ə) öz məxsus katibi Übeydullah İbni Əbi Rafiəni çağırıb buyurdu:
-"Qələm-kağız gətir".
O həzrət (ə) qəzavət kürsüsündə oturdu. Camaat da həzrətin (ə) başına toplaşdılar. Əli (ə) camaata buyurdu: -"Mən təkbir deyəndə siz də təkbir (Əllahu əkbər) deyin." Sonra Həzrət hökm etdi ki, onlardan birini baş-gözü bağlı halda gətirin. Həzrətin yanına gələndən sonra onun gözünü açdılar. Əli (ə) Übeydullah İbni Əbi Rafiə buyurdu: -"Bu hər nə desə, sən də yaz."
Sonra həzrət həmin gün kişidən soruşdu:
-"Siz hansı gün evdən çıxdınız?" Dedi:
-"Filan günü". Soruşdu:
-"Hansı ay?" Dedi:
-"Filan ayda". Soruşdu:
-"Bu cavanın atası öləndə hara çatmışdınız?" Dedi:
-"Filan yerə". Soruşdu:
-"Harada öldü?" Dedi:
-"Filan yerdə". Soruşdu:
-"Xəstəliyi nə idi?" Dedi:
-"Filan xəstəlik". Soruşdu:
-"Xəstəliyi neçə gün çəkdi?" Dedi:
-"Filan qədər". Soruşdu:
-"Kim ona qulluq edirdi? Hansı gün öldü? Kim ona meyit qüslü verdi? Harada qüsl verdi? Kim onu kəfənə bükdü? Nə ilə kəfən etdi? Kim onun namazını qıldı? Kim onu qəbrə qoydu?
Bu sualların hamısının cavabını yazdı. O sual-cavab qurtarandan sonra həzrət təkbir dedi. Camaat da İmamla (ə) təkbir dedilər.
Təkbirin səsi qalan dustaqların qulağına çatanda yəqin etdilər ki, hadisənin necə olduğunu Əliyə (ə) dedi.
Əli (ə) hökm verdi ki, yenidən onun gözünü bağlayıb zindana salsınlar. Sonra ikinci nəfəri Həzrətin yanına gətirib üz-gözünü açdılar. Əli (ə) ona buyurdu: "Sən elə bilirsən ki, mən bilmirəm siz nə etmisiniz?"
O kişi dedi: "Ey Əmirəl-möminin! Mən bir nəfər idim. İstəmirdim onu öldürsünlər." Beləliklə etiraf etdi ki, cavanın atasını onlar özləri öldürüblər. Onlar tək-tək hamısı buna etiraf etdilər. Birinci zindana saldığı nəfər də gəlib etiraf etdi.
Əmirəl-möminin (ə) atanın diyə və qan bahasını alıb cavana verdi.
Bu vaxt Şüreyh İmamdan (ələhis-salam) soruşdu: -"Ey Əmirəl-möminin! Davudun qəzavəti necə idi?"
Həzrət buyurdu: -"Davud bir dəstə uşaqla rastlaşdı. Onlar bir yerdə oynayırdılar. Uşaqlardan birinin adını "Matəddin" çağırırdılar. Davud həmin uşağı çağırıb soruşdu: -"Adın nədir?" Uşaq dedi: -"Matəddin" (yəni din öldü.)
Davud soruşdu:
-"Bu adı sənə kim qoyub?"
Uşaq dedi:
-"Anam".
Davud onun anasının yanına gəlib soruşdu:
-"Ey qadın! Bu oğlunun adı nədir?"
Uşağın anası cavab verdi:
-"Matəddin".
Davud soruşdu:
-"Bu uşağın adını kim qoyub?"
Ana dedi:
-"Atası".
Davud:
-"Nə üçün və nə münasibətələ?"
Ana:
-"Uşağın atası bir dəstə kişiylə səfərə getdi. Həmin vaxt mən bu uşağa hamilə idim. Bir müddətdən sonra ərimlə səfərə gedənlər qayıtdılar. Lakin ərim onlarla qayıtmadı. Mən onlardan ərimi soruşdum. Onlar dedilər ki, ərin öldü. Soruşdum:
-"Onun malları hanı?" Dedilər:
-"Onun heç bir malı yox idi". Onlardan soruşdum:
-"Ərim öləndə sizə bir vəsiyyət etmədimi?" Dedilər:
-"Niyə, o dedi ki, arvadım hamilədir. Ona deyərsiniz ki, uşaq oğlan və ya qız olsa adını "Matəddin" qoysun. Mən də ərimin vəsiyyətinə görə oğlumun adını "Matəddin" qoydum".
Davud qadına buyurdu:
-"Ərinlə səfərə gedənləri tanıyırsanmı?"
Qadın dedi:
-"Bəli".
Davud soruşdu:
-"Onlar sağdırlar, ya ölüblər?"
Qadın dedi:
-"Sağdırlar".
Davud buyurdu:
-"Məni onların yanına apar".
Davud onların yanına gedib bir-bir evlərindən çıxartdı. İndi burada mən etdiklərimi gördüyün kimi onları məhkəməyə çəkdi. Məlum oldu ki, uşağın atasını onlar özləri öldürüb, onun mal-dövlətini ələ keçiriblər. Sonra Davud o kişinin malıyla qan bahasını onlardan alıb qadına verəndən sonra buyurdu: -"Oğlunun adını Aşəddin (din yaşayır) qoy!"
Məclisi "Biharul-ənvar" kitabında yazır ki, İmam Baqir (ə) buyurub: -"Bir gün Həzrət Davud oturmuşdu. Sirsifətindən fəqirlik yağan cavan bir oğlan onun yanında idi. O, həmişə Davudun yanına gəlirdi. Bu dəfə ölüm mələyi (həzrət Əzrayıl) daxil olub qəzəblə o cavana baxdı".
Həzrət Davud (ə) ölüm mələyinə buyurdu: -"Nə üçün bu cavana qəzəblə baxırsan?" Ölüm mələyi dedi: -"Bəli, mənə əmr olub ki, yeddi gündən sonra bu cavanın canını elə burada da alım."
Davud peyğəmbərin bu sözündən sonra cavana ürəyi yandı. Ondan soruşdu: -"Ey cavan! Sən evlənmisənmi?" Cavab verdi:
-"Hələ evlənməmişəm." Davud ona dedi:
-"Filan kişinin (Bəni-İsrail tayfasının böyük şəxsiyyətlərindən biri) yanına gedib ona de ki, Davud hökm verdi qızını mənə verəsən".
Sonra buyurdu: -"Elə bu gecə onun qızıyla evlənməlisən. Toy xərcini də özünlə apar. Yeddi gündən sonra elə bura gələrsən".
Cavan ayağa qalxıb həmin kişinin yanına getdi. Davudun sifarişini ona dedi. O, da qızını cavana verdi və həmin gecə evləndilər. Cavan yeddi gün həyat yoldaşıyla yaşadı. Yeddi gündən sonra həzrət Davudun yanına gəldi. Davud ondan soruşdu: -"Bu bir neçə gündə vəziyyətin necə idi?" Cavab verdi:
-"Heç vaxt bu bir neçə gün kimi nemət içində olmayıb xoş gün keçirtməmişdim." Davud buyurdu:
-"İndi əyləş." Cavan oturdu. Davud ölüm mələyinin gəlişin gözləməyə başladı. Çünki, o, cavanın canını almağa gələcəkdi və bunu xəbər vermişdi. Bir müddət keçdi. Lakin Əzrail gəlmədi. Davud üzünü cavana tutub buyurdu:
-"Öz evinə get, səkkizinci gün yenə də mənim yanıma gələrsən."
Cavan evinə qayıtdı. Səggizinci gün yenə də Davudun yanına gəlib oturdu. Əzraili gözlədilər. Lakin ondan bir xəbər olmadı. Bu minvalla üç gün keçdi. Nəhayət, ölüm mələyi Davudun yanına gəldi. Davud ona dedi:
-"Sən demədinmi yeddi gündən sonra bu cavanın canını almağa əmr olunmusan?" Cavab verdi:
-"Bəli." Buyurdu:
-"İndiyə qədər üç həftə keçib." Əzrail dedi:
-"Ey Davud! Sən bu cavana məhəbbət göstərdiyinə görə Allah taala da ona rəhm etdi və onun ömrünü otuz il artırdı.
Şeyx Səduq "İkmal" və "Əmali" kitablarında İmam Sadiqdən (ə) belə rəvayət edir:
Bir gün Davud (ə) evdən çıxdı. O, Zəburu oxumaqla məşğul idi. Hər vaxt Zəbur oxusaydı dağ, daş və quşlar onunla həmsəda olurdu. Davud yoluna davam edərək bir dağa yetişdi. Dağda Hüzqəyl adında bir peyğəmbər Allaha ibadət edirdi. Hüzqəyl dağın, vəhşi heyvanların və quşların avazını eşidən kimi başa düşdü ki, dağa Davud gəlibdir. Hüzqəyl ilahi vəhy ilə Davudu öz yanına apardı. Davud üzünü ona tutub buyurdu:
-"İndiyə qədər günah etmək fikrinə düşmüsənmi?" Hüzqəyl cavab verdi:
-"Xeyr." Davud dedi:
-"İndiyə qədər Allaha etdiyin ibadətlər səndə qürur və özünü bəyənmək ruhiyyəsinə səbəb olubmu?" Dedi:
-"Xeyr." Davud soruşdu:
-"İndiyə qədər dünyaya meyl göstərmək onun ləzzətlərindən və şəhvətlərindən bəhrələnmək istəmisənmi?" Cavab verdi:
-"Bəli bəzi vaxt ürəyimdən keçir." Davud dedi:
-"Belə bir vaxt nə iş görürsən?" Hüzqəyl dedi:
-"Bu mağaraya daxil olub onun içindəkilərdən ibrət dərsi alıram."
Davud ayağa qalxıb mağaraya daxil oldu. Orada dəmir bir çarpayı və üstündə çürümüş kəllə və sümüklər var idi. Həmçinin dəmir bir lövhənin üstündə yazılmışdı: "Mən Əruy Şəliməm. Min il hökmranlıq etmişəm. Min şəhər qurmuşam. Min qızla evlənmişəm. Mənim axırım budur. Yatacağım torpaq, möhkəm daş balışım və ilan-əqrəb qonşum olubdur! Hər kəs mənim bu halımı görsə, dünya ilə qürurlanmasın!"
Vərram İbni Əbi Fəras "Tənbihül-xəvatir" kitabında İmam Sadiqdən (ə) belə bir hədis rəvayət edir ki, Davud peyğəmbər Allahın dərgahına ərz etdi: -"İlahi! Mənimlə cənnətdə oturub-duranı tanımaq istəyirəm."
Allah taala ona vəhy etdi ki, Yunisin atası -Məta sənin həmnişinindir.
Davud onunla görüşmək üçün Allahdan icazə istədi. Allah taala icazə verdi. Davud oğlu Süleymanla Məta olan yerə getdi. Mətanın həsirdən düzəldilmiş evini tapdı. Davud Mətanı soruşdu: -"Onlar dedilər ki, Məta bazardadır". Davud, oğlu ilə bazara gəlib Mətanı soruşdular. Dedilər:
-"Onu işçilərin arasında tapa bilərsən".
Onlar işçilərin yanına gəlib Mətanı soruşdular. İşçilərdən bir dəstəsi dedi: -"Biz də onu gözləyirik, indi gələr."
Davud və Süleyman orada oturub Mətanı gözlədilər. Birdən gördülər ki, Məta uzaqdan gəlir. O, bir qucaq odun başına qoyub gətirirdi. Camaat onu görüb odun bağlamasını başından götürdü. Məta Allaha həmd-səna edib dedi: -"Kim pakı pakla ala bilər?" (Yəni kim halal pulla halal mal ala bilər?) Bir nəfər ayağa qalxıb odunun qiymətini dedi. Pulu vermək istəyəndə başqa bir nəfər dürüb odunun qiymətini artırdı. Nəhayət, Məta odunu onlardan birinə satdı. Bu vaxt Davud və Süleyman irəli gələrək ona salam verdilər. Məta dedi: -"Gəlin evə gedək." Məta bazardan buğda alıb evə gətirdi. Buğdanı un edib xurma ağacından düzəltdiyi qabda xəmir etdi. Od qalayandan sonra xəmiri bir qaba töküb odun üstə qoydu. Daha sonra Davud və Süleymanın yanına gəlib söhbətə başladı. Bir az keçəndən sonra ayağa qalxıb çörəyə baxmağa getdi. Çörək bişmişdi. Məta çörəyi qaba qoyub çörəyin arasına duz tökdü. Sonra bir qab su da öz yanına qoydu. Məta bir tikə çörək kəsib ağzına qoymamışdan qabaq "Bismillah" dedi. O, çörəyi çeynəyib udandan sonra "Əlhəmdulillah" dedi. Məta hər bir tikədə bu işi görürdü. Yəni əvvəl "Bismillah" sonra isə "Əlhəmdulillah" deyirdi. Çörək yeyib qurtarandan sonra su qabını götürdü. "Bismillah" deyib bir az su içdi. Sonra "Əlhəmdulillah" dedi. Daha sonra dedi: -"Ey mənim Allahım! Kimə mənim kimi nemət vermisən? Kimi mənim kimi öz rəhmət və pənahında saxlamısan? Sən mənə sağlam göz, qulaq və bədən verdin. Sən mənə qüvvət verdin və əkmədiyim, suvarmadığım, qoruyub saxlamadığım ağaclardan odun qırıb gətirdim. Odunun müştərisini mənə yetirdin. Mən onun puluyla əkib-biçmədiyim buğdanı aldım. Un düzəldib xəmir etdim. Onu çörək bişirdim. Çörək yemək üçün mənə iştaha verdin. Çörəyi yeyəndən sonra sənə itaət etmək üçün yenidən qüvvə topladım. Ey Allahım, həmd və səna sənə məxsusdur!…" Məta bu sözləri deyib ağladı.
Davud bu mənzərəni görəndən sonra Süleymana dedi: -"Ey oğlum, qalx ayağa! Mən indiyə qədər bu kişi kimi Allaha şükür edən bir nəfər görməmişəm!"
DAVUDUN ÖMRÜ VƏ VƏFATI
[redaktə | mənbəni redaktə et]Səduq "İkmaluddin" kitabında İmam Sadiqdən (ə), o həzrət də ata-babasından və nəhayət, Məhəmməd (s) peyğəmbərdən belə bir hədis rəvayət edir: -"Davud 100 il ömür sürüb. Qırx il hökmranlıq edib".
İbni Əsir də "Kamilüt-təvrix" kitabında həmin sözə oxşar hədis nəql edir; Davud dünyadan gedəndə 100 yaşı var idi. O, 40 il hakim olub. Bu xəbər səhih rəvayətlə Peyğəmbərdən (s) nəql olunubdur.
Davud ömrünün axırında oğlu Süleymanı öz canişini etdi. Ona vəsiyyətini edib dünyadan getdi. Bəni-İsrail Həzrət Davudu Beytül-Müqəddəsdə Davud kəndinin yaxınlığında dəfn etdi.
Burada qeyd etmək istəyirəm ki, tarixçilərdən bir dəstəsi "Beytül-Müqəddəsin" Davudun vasitəsilə tikilməsini təsdiqləyirlər. Lakin tarixçilərin çoxu bu əqidədədirlər ki, "Beytül-Müqəddəsin" tikilişi Süleymanın əlilə başa çatıb. Biz bu haqda geniş məlumat verəcəyik.
DAVUDUN HİKMƏTİ
[redaktə | mənbəni redaktə et]Allah taala "Nisa" və "Bəni-İsrail" surəsində buyurur: -"Biz Davuda, Zəbur verdik."
"Ənbiya" surəsində buyurur:
-"Biz kitabdan (Tövratdan, yaxud Lövhi-Məhfuzdan) sonra Zəbura da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq."
İndiki "Zəbur" 150 məzmura malikdir. Onun birinci məzmuru belədir: "Şərr adamların məşvərətinə qulaq asmayanların, günahkarların yoluna getməyənlərin və başqalarını ələ salanların məclisində oturmayanların xoş halına. Əksinə, onlar Allahın şəriətinə rəğbət göstərir və Onun şəriətində təfəkkür edirlər. Belə adamlar su arxının kənarında əkilmiş ağac kimi öz mövsümlərində bəhrə verirlər və yarpaqları solmur. Etdikləri hər iş yaxşıdır. Şərr adamlar isə belə deyillər. Əksinə, şərr adamlar saman çöpü kimi külək onları dağıdır. Buna görə də şərr adamlar hakimlik etməyə səlahiyyətləri yoxdur. Günahkarlar da ədalətli camaatın sırasında ola bilməzlər. Allah taala ədalətli insanların yolunu tanıyır. Lakin günahkarların yolu həlak edicidir."
Bu 150 məzmur beş kitaba bölünür. Deyildiyinə görə yetmiş üç məzmur Davudun və qalanı başqa şəxslərin və ya naməlum müəlliflərin yazdıqlarıdır. Onun 72-ci və 127-ci məzmuru "Süleymanın məzmuru" adı ilə tanınıbdır.
Ümumiyyətlə, heç bir şəkk-şübhə yoxdur ki, indiki Zəburun bir hissəsi Davudun ölümündən yüz illər sonra tənzim olubdur. O cümlədən 137-ci məzmuru misal olaraq gətirmək olar. Bu məzmurun birinci cümləsi belə başlanır: "Babul şəhərlərinin yanında, orada oturduq…"
Məlum olur ki, bu hissə Bəni-İsrailin əsirlik dövründən sonra və "Bəxtün-nəsr" hücumunda onların Babula sürgünü zamanı yazılıbdır. Həmçinin, heç bir şəkk-şübhə yoxdur ki, Zəburda böyük dəyişiklik və ilahi peyğəmbərlərə nalayiq sözlərlə töhmət vurublar. Bizim rəvayətlərdə Davud peyğəmbərə nazil olmuş hökmətli sözlər və ya həzrət Davuddan nəql olunmuş ibrətli nəsihətlər çoxdur. Həmin rəvayətlərdən bəzilərini seçib burada sizin üçün yazıram. Ola bilsin ki, indiki Zəbura müraciət zamanı bu rəvayətlərin məzmununu orada müşahidə edəsiniz:
1) Şeyx Səduq "Əmali", "Uyun" və "Məaniül-əxbar" kitablarında İmam Sadiqdən (ə) rəvayət edir ki, Allah taala Davuda belə vəhy etdi: -"Bəzi vaxt bəndələrindən biri mənim yanıma yaxşı əməl gətirir. Mən də həmin yaxşı əmələ görə Cənnətimi ona halal edirəm". Davud dedi:
-"Mənim Allahım, həmin yaxşı əməl nədir?"
Allah taala buyurdu: -"Həmin yaxşı əməl mənim mömin bəndəmin qəlbini sevindirməkdir. Ola bilsin bu əməli ona bir dənə xurma verməklə yerinə yetirsin!" Davud dedi:
-"Səni tanıyan adam səndən ümidini kəsməsi onun üçün yaramaz işdir."
2) Hümeyri "Qürbül-əsnad" kitabında yazır ki, İmam Baqir (ə) buyurub: -"Həzrət Davud oğlu Süleymana dedi: -"Oğlum, çox gülməkdən çəkin. Çünki, Allah bəndəsinin çox gülməyi Qiyamət günündə onu həqir və alçaldar. Oğlum, yalnız xeyirli söz danış! Çünki, söz deməyib bir dəfə peşman olmaq çox danışıb dəfələrlə peşman olmaqdan yaxşıdır. Oğlum! Əgər danışmaq gümüşdürsə, danışmamaq qızıldır."
3) Şeyx Tusi "Məcalis" kitabında Məhəmməd (s) peyğəmbərdən rəvayət edir ki, Allah taala Davuda vəhy etdi: -"Ey Davud, həqiqətən mənim bəndəm Qiyamət günü yaxşı əməl gətirəcək. Həmin əməlinə görə Behiştdə ona hökumət verəcəyəm". Davud dedi:
-"Mənim Allahım! Hansı bəndən belə yaxşı əməl gətirəcək və həmin əməlinə görə onu Behiştdə hakim edəcəksən?
Allah taala buyurdu:
-"Həmin şəxs müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışan və yaxud onun çətinliyinin həll olmasını ürəkdən istəyən mömin bəndədir. İstər müsəlman qardaşının çətinliyi həll olsun, istərsə də həll olmasın".
- Ravəndinin "Qisəsül-ənbiya" kitabında bir hədisdə rəvayət olunur ki, Allah taala Davuda vəhy etdi: -"Ey Davud! Məni rahat və xoş günündə yada sal, təki mən də sənin duanı çətin günündə qəbul edim".
- Kuleyni "Kafi" kitabında İmam Sadiqdən (ə) rəvayət edir ki, o Həzrət Ali-Davudun hikməti barədə buyurdu: -"Ağıllı adam gərək öz dinini tanısın, öz işini davam etdirsin və dinini qorusun."
- Başqa bir hədisdə İmam Sadiq (ə) rəvayət edir ki, Allah taala Davuda vəhy etdi: -"Ey Davud! Necə ki, Allaha ən yaxın insanlar təvazökarlardır, eləcə də Allaha ən uzaq insan qürurlu insanlardır."
- Vərram İbni Əbi Fəras "Tənbühül-xəvatir" kitabında rəvayət edir ki, Ali-Davud hikmətində yazılıb: "Ağıllı adama dörd saatdan qafil olmamaq vacibdir. Birinci saat Allaha ibadəti, ikinci saat öz hesab-kitabına yetişməsı, üçüncü saat mömin qardaşlarının yanına gedib onları öz eyblərindən xəbərdar etməsi və dördüncü saat bəyənilmiş və halal ləzzətlərlə öz nəfsini bəhrələndirsin. Çünki, dördüncü saat qabaqkı saatlara kömək edir."
- İbni Fəhd Hilli "Üddətüd-dai" kitabında yazır ki, Allah taala bu kəlmələri Davuda vəhy edib: "Ey Davud! Mən beş məsələni beş əmrə tabe etmişəm. Lakin camaat onu başqa beş şeydə axtarır və tapa bilmirlər. Mən elmi aclıq və çalışmaqda qoymuşam. Camaat isə onu toxluq və rahatlıqda istəyir və tapa bilmirlər. İzzət və şərəfi ibadətdə, Allaha itaət etməkdə qoydum, camaat isə onu padşahlara xidmət etməkdə axtarır və tapa bilmirlər. Sərvət və ehtiyacsızlığı qənaətdə qoydum, amma camaat onun mal-dövlətin çoxluğunda axtarır və tapa bilmirlər".
- Kuleyni "Kafi" kitabında İmam Sadiqdən (ə) rəvayət edir ki, Allah taala Davuda buyurdu: – "Ey Davud! Günahkarlara necə muştuluq verim və dostları nə ilə qorxudum?"
Allah taala buyurdu: -"Günahkarlara muştuluq ver ki, mən tövbələrini qəbul edir və onların günahlarını bağışlayıram. Dostları da qorxut ki, özlərindən razı qalıb qürurlanmasınlar. Çünki, mənim hesab-kitab ayağına çəkdiyim bəndə yalnız həlak olur."
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et] Din ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qurandakı peyğəmbərlər | |||||||||||||
Adəm • Şeys • İdris • Nuh • Hud • Saleh • İbrahim • İsmail • İshaq • Lut • Yaqub • Yusif • Əyyub • Şüeyb • Musa • Harun • Davud • Süleyman • Yunis • Zəkəriyya • Yəhya • İsa • Məhəmməd | |||||||||||||
Ayrıca bax: Allah , Din , İslam , Quran |