Gecəgörmə cihazı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
25-ci piyada diviziyasının amerikan pulemyotçusunun gecə görmə cihazından görüntüsü (M249 Para pulemyotunda) — Elcan optik nişangahı, döyüşçünün gecəgörmə cihazı dəbilqəyə bərkidilmiş və qatlanmışdır).

Gecəgörmə cihazı — obyektləri onların məxsusi və ya əks etdirdiyi istilik (infraqırmızı – İQ) şüalanmasına görə qaranlıqda, yaxud zəif işıqlandırılmış şəraitdə tapmaq və müşahidə etmək üçün cihaz. İş prinsipi obyektin İQ şüalardakı təsvirinin görünən təsvirə çevrilməsinə əsaslanır. Gecəgörmə cihazlarının əsasını İQ şüaların qəbuledicisi, gücləndirici və təsvirin vizuallaşdırılma qurğusu funksiyalarını yerinə yetirən fotoelektron cihaz təşkil edir. Mənbədən (işıqlanan gecə səması, ulduzlar, ay və s.) gələn şüalar obyektdən əks olunaraq gecəgörmə cihazının obyektivinə düşür və obyektin gözlə görünməyən təsvirini ("portretini") yaradır; bu "portret" qəbuledicidə görünən təsvirə çevrilir. Passiv (təbii gecə işığında işləyir) və aktiv (adətən, İQ diapazona yaxın işıqlandırma ilə işləyir) gecəgörmə cihazları olur. Elektron-optik çevirici və ya onun analoqu – fotohəssas inteqral sxem əsasında hazırlanan gecəgörmə cihazları daha geniş yayılmışdır. Konstruktiv cəhətdən gecəgörmə cihazları monokl, binokl, müxtəlif silahların nişangahı, eynəklər, həmçinin fotokameravideokamera şəklində hazırlanır; enerji mənbəyi kimi akkumulyatorlar işlədilir. Bütün gecəgörmə cihazları tozdan və nəmdən qoruyan hermetik zərbəyədavamlı gövdəyə malikdir. Gecəgörmə cihazları, əsasən, hərbi və kəşfiyyat aparatlarında, həmçinin ov, xilasetmə əməliyyatları, gecə foto və video çəkilişləri, görünmə dərəcəsi aşağı olan şəraitlərdə gəmi və avtomobillərin idarə olunması zamanı tətbiq edilir.

Azərbaycan Milli Ensiklopediyası, IX CİLD