REPL

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

REPL (ing. read-eval-print loop, azərb. oxuma-hesablama-çap dövrəsi‎) — sadə interaktiv proqramlaşdırma mühiti. Bu termin daha çox Lisp proqramlaşdırma dilinin interaktiv mühitinə aid işlədilir, ancaq Smalltalk, Python, Ruby, Haskell, Scala, JavaScript və başqa dillərin interaktiv mühitinə də aid edilə bilər. Belə mühitdə istifadəçi hər hansı ifadəni daxil edə bilər ki, mühit onu dərhal hesablayar, hesablamanın nəticəsini isə istifadəçi üçün əks etdirər. “Read-eval-print loop” adı Lisp dilinin bənzər funksiallığı gerçəkləşdirən primitivlərinin adından götürülüb:

  • read funksiyası bir ifadəni oxuyur və onu yaddaşda uyğun verilənlər strukturuna çevirir.
  • eval funksiyası belə bir verilənlər strukturunu qəbul edir və ona uyğun ifadəni hesablayır.
  • print funksiyası ifadənin hesablanmış nəticəsini qəbul edir və onu istifadəçi üçün çap edir.

Hər hansı dil üçün REPL-mühitini gerçəkləşdirməkdən ötrü yuxarıda sadalanan üç funksiyanı gerçəkləşdirmək və onları sonsuz dövrdə birləşdirmək kifayətdir. Yeni dilin öyrənilməsi zamanı REPL-mühiti çox əlverişli olur, çünki istifadəçiyə sürətli əks əlaqə təqdim edir.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.