Sofistlər məktəbi
Sofistlər məktəbi - (yun. σοφιστής- "müdrik", "bilikli", "bacarıqlı", "yaradıcı",[1], "ustad", "rəssam", "yaradan" [2]) — e. ə.V-II əsrlərdə Afinada natiqlik öyrədən müəllimlər və eyni adlı fəlsəfi cərəyan.
Geniş mənada "sofist" bacarıqlı və müdrik insan deməkdir. Sofistlərin diqqət mərkəzində hüquq və siyasət, əxlaq, natiqlik sənəti məsələləri dururdu.
Tarixi və mahiyyəti
[redaktə | mənbəni redaktə et]Təxminən e.ə. V əsrin ortalarında Yunanıstanda intellektual inkişaf başladı. Bunun səbəbi Afinada demokratiyanın yüksəlməsi idi. Vətəndaşların gücünün artması, individualizmin inkişafı və praktiki problemlərin həllinə olan tələbat düşüncənin köhnəlmiş formalarına qarşı reaksiya ilə nəticələndi. Bunun nəticəsində, bəzi yunan filosofları fiziki dünyanı öyrənməyi dayandırdı və diqqətini fərdlə daha yaxın mövzulara yönəltməyə başladı. Yeni intellektual cərəyanın ilk nümayəndələri sofistlər idilər. Bu termin “müdrik şəxslər” deməkdir, lakin sonralar saxta mühakimələr yürüdən insanları alçaltmaq üçün istifadə edilmişdi.
Sofistlər haqqında əldə etdiyimiz biliklərin əksəriyyəti onları kəskin şəkildə tənqid edən Platona məxsusdur. Onlar ellin mədəniyyətinin ən yaxşı cəhətlərinin düşməni hesab edilirdilər. Müasir tədqiqatçılar onlar haqqındakı bu cür kəskin fikirləri rədd edirlər, lakin bu məktəbin bəzi üzvlərinin sosial məsuliyyət hissinin zəif olmasını və onların “pis vəziyyətin daha yaxşı vəziyyətə çevrilməsində” tamamilə insafsız olduqlarını qəbul edirlər.
Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar "sofist" və "sofizm" sözünü başqa cür başa düşürdülər. "Sofist" "müdrik" sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu "tarixin atası" Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.
Lakin eyni zamanda (b.e.ə. V əsrin 2–ci yarısında) xüsusi peşə sahiblərini sofistlər adlandırmağa başlamışdılar. Daha dəqiq desək, əmək haqqına görə pul alan (yəni, ilk dəfə tədrisə görə pul alan) müəllimlər sofist adlanırdı. Sofizmin nümayəndələri bu adı fəxrlə daşıyırdılar. İlk dəfə Protaqor (b.e.ə. 490– 420) özünü könüllü olaraq sofist adlandırmışdır. Ondan sonra Qorgias, Prodik və Hippias özlərini sofist hesab edirdilər. Onlar bütün Yunanıstanı gəzərək pulla "müdriklik" dərsi verirdilər. Platon özünün "Protaqor" və "Qorgias" adlı dialoqlarında nəql edir ki, müasirləri sofistlərə onların dərslərinə görə yaxşı pul versinlər. Məsələn, Fidius heykəllərinə görə daha az pul alırdı, nəinki müdriklik dərsindən Protaqor. İlk sofistlər özlərini nəinki müdriklik müəllimləri, həmçinin xeyirxah adamlar kimi təqdim edirdilər. Xeyirxah adamlar anlayışı isə qədim Yunanıstanda təkcə mənəvi mükəmməllik timsalı kimi deyil, həm də praktiklik ictimai və dövlət işlərini aparmaq bacarığını da ifadə edirdi. "Müdriklik" sözü isə həmin dövrdə elmin sinonimi idi. Çünki sofistlər pul almaqla o zamankı elmi tədris edirdilər. Fəlsəfə bütün elmləri əhatə edir və həmin elmlər də "müdriklik" adı altında tanınırdı. Həmin elmin də müəllimləri sofistlər idi. O dövrdə hər bir tamhüquqlu vətəndaş xalq yığıncaqlarında iştirak edə bilər və dövlət işlərində də fəal ola bilərdi. Xalq iclaslarında qələbə o adama nəsib olurdu ki, o, həmvətənlilərinin ağlına hakim kəsilə bilirdi. Yaxşı nitq bu qəbildən idi. Təsadüfi deyildir ki, sofistlər ritorikaya – natiqlik məharətinə üstünlük verirdilər. Tədricən "sofist" sözü "natiqlik" məharəti öyrədən müəllimi ifadə etməyə başladı. Sofistlər Qədim Yunanıstanda uzun müddət mövcud olmuşlar. Məsələn, Markus Avrelius zamanında natiqlik sənətində mahir olan iki müəllim – sofist var idi. Onlardan biri şəhər xəzinəsi, digəri isə imperator xəzinəsi tərəfindən təmin olunurdu. Fəlsəfənin inkişafında sofistlər mühüm rol oynamışdırlar. Onlar biliyə marağı artırmış və nəticədə fəlsəfədə yeni dövr başlanmışdır. Bu dövrdə artıq fəlsəfə biliyə əsaslanırdı. Həmin dövr Sokratla başlayır və Aristotellə bitir.
Əsas ideyaları
[redaktə | mənbəni redaktə et]Sofistlər bir sıra fəlsəfi traktatlar yaratmışlar. Skeptisizm onların dünya baxışlarının fərqləndirici cəhəti idi. Bu, skeptisizm və relyativizmin ilk forması idi.[3]
Sofistlərin tarixi xidməti ondan ibarətdir ki, onlar təbiət hadisələrinin, nisbilik haqqında təlimin rasionalist izahını inkişaf etdirmiş, kəskin sosial məsələlər qaldırmışlar. Sofistlər birinci olaraq insan problemini qaldırmışlar, lakin onların əsas xidməti Sokratın gəlişini hazırlamaları olmuşdur.[4]
Sofistlərin əsas ideyaları hər şeyə tənqidi yanaşmaları, nisbiliyi (relativizmi) müdafiə etmələridir. Onlar biliyi duyğulara əsaslandırdıqları səbəbindən emprist, ağlı əsas saymadıqları və hər şeyə şübhə etdikləri üçün skeptik, biliyin imkansızlığını müdafiə etdikləri üçün nihilist olmuşdur.
Buna baxmayaraq, hətta ən ifrat sofistlərin təlimləri belə heyrətamizdir. Bəzi sofistlər quldarlığı və yunanların irqi müstəsnalığını pisləyirdilər. Bəziləri praktik və proqressiv dünyagörüşünün, azdlığın və sıravi insanların hüquqlarının müdafiəçisi idilər. Bəlkə də ən əhəmiyyətlisi isə, sofistlər sayəsində fəlsəfə sadəcə fizika və metafizika ilə məhdudlaşmadı. Onlar fəlsəfəni əxlaq qaydaları və siyasətə qədər genişləndirdilər. Romalı Siseronun da dediyi kimi “onlar fəlsəfəni göylərdən insanların məskəninə endirdilər”.
Sofistlərin relyativizmi, skeptisizmi və individualizmi ciddi etiraza səbəb oldu. Daha mühafizəkar yunanlara görə bu doktrinalar ateizm və anarxiyaya gətirib çıxarırdı. Əgər qəti həqiqət yoxdursa və əgər xeyir və ədalət sadəcə insanın istəklərindən asılıdırsa, onda nəinki din, əxlaq və dövləti, həmçinin cəmiyyətin özünü belə qoruyub saxlamaq mümkün deyil. Bu inanc yeni fəlsəfi cərəyanın inkişafı ilə nəticələndi. Onun əsaslandığı nəzəriyyədə həqiqətin real olması və qəti standartların mövcudluğu irəli sürülürdü.
İnkişaf mərhələləri və əsas nümayəndələri
[redaktə | mənbəni redaktə et]Sofistlər məktəbi əsasən üç inkişaf mərhələsinə ayrılır:
1. Klassik yaxud qədim sofistlər məktəbi (e.ə. V əsrin I yarısı -IV əsrləri). Onların diqqət mərkəzində İdrak məsələləri idi. Lakin sosial-siyasi məsələlərə də az diqqət yetirmirdilər. Likofron insanlar arasında sosial fərqlərin zəruri olmasını inkar edir, sübut edirdi ki, insanlar azad doğulurlar və təbiət heç kəsi kölə kimi yaratmır.[3] Klassik sofistlərin dövrü də öz növbəsində ikiyə bölünür:
a) Böyük sofistlər. Nümayəndələri:
b) Kiçik sofistlər (e. ə. IV əsr). Onlar haqqında bilgilər o qədər də çox deyildir. Zamanımıza çatan fraqmentlərə dayanaraq demək olar ki, onlar əxlaqi və ictimai problemlərə diqqət yetirmişdirlər. Məsələn, Likofron (yun. Λυκόφρων) və Alkidamas (yun. Ἀλκιδάμας) ictimai siniflərin imtiyazlarını inkar edirdilər[5]. Likofrona görə əsilzadəlik uydurulmuş və əsassız anlayışdır. Alkidamas isə hesab edirdi ki, insanlar dünyaya azad gəlirlər və ona görə də köləlik təbiətdən deyil, sonradan sosial və iqtisadi səbəblərdən ortaya çıxan bir reallıqdır. Kiçik sofistlərdən tanınmışlardan biri də Trasimaxus olmuşdur.
2. Yeni sofistlər məktəbi (II - III əsrin əvvəlləri). Bu dövrün əsas nümayəndələri Lukian, Filostrat Flavius və b. olmuşdur.
3. Son sofistlər məktəbi (IV əsr). Bu mərhələnin əsas nümayəndələri Libanius və Yulian olmuşdur.
Yeni və son dövr sofistlər yalnız klassik sofitlərlə müqayisə edilmək üçün belə adlandırılmışdır. Bu iki dövrün sofistləri klassik sofistlərin ideya və tərzlərini bərpa etməyə çalışan ədəbi cərəyanın təmsilçiləri idi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 61-65. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Guthrie W. K. A history of Greek philosophy — Camb., 1969. — р. 1−322.
- Reding J. P. Fondements philosophiques de la rhetorique chez les sophists grecs et chez les sophists chinois — Berne, 1985.
- Гиляров А. Н. Греческие софисты, их мировоззрение и деятельность в связи с общей политической и культурной историей Греции. — М., 1888.
- Лосев А. Ф. История античной эстетики. Софисты. Сократ. Платон — М., 1969.
- Медведев А. Ф. Добро и зло в воззрениях софиста // Вестник Русского Христианского гуманитарного института. — СПб., 2001. — 4. — С. 372−397.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ А. Ф. Лосев.Софисты Arxivləşdirilib 2014-07-28 at the Wayback Machine / Böyük Sovet Ensiklopediyası.
- ↑ Антология мировой философии : в 4 т. Т. 1, ч. 1: Философия древности и средневековья [Ред. коллегия: В. В. Соколов (ред.-составитель, автор вступ.ст.) и др.]. — Москва : Мысль, 1969. — С. 315.
- ↑ 1 2 "Mehdiyev R.Ə.Fəlsəfə.Dərs vəsaiti.Bakı, "Şərq-Qərb", 2010, 360 səh. səh. 107" (PDF). 2014-03-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
- ↑ "Mehdiyev R.Ə.Fəlsəfə.Dərs vəsaiti.Bakı, "Şərq-Qərb", 2010, 360 səh. səh. 108" (PDF). 2014-03-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
- ↑ Ивин, А. А. Основы социальной философии. М.: Высшая школа, 2005, s. 16.