Stendal sindromu
Stendal sindromu — hiperkulturemiya və ya Florensiya sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri fövqəladə gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, başgicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki (məsələn, təbiətdəki mənzərələr) gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər.
Xəstəliyin adı
[redaktə | mənbəni redaktə et]Sindrom 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın (Henri Mari Beyl) şərəfinə belə adlandırılıb. Belə ki, yazıçı 1817-ci ildə Florensiyaya səyahət edir və bu hadisə ilə qarşılaşır. Bu haqda "Neapol və Florensiya: Milandan Reccoya səyahət" kitabında bəhs edir. O, Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qalileyin dəfn olunduğu Santa Kroçe Baziliyasına səfər edir və ilk dəfə Cottonun freskalarını görəndən sonra emosiyaların əsirinə çevrilir. O yazırdı:
Mən Florensiyada olmaq fikrindən tutmuş bu möhtəşəm insanların qəbrini yaxından görməyə qədər olan vaxt ərzində qısa müddətli ekstaz (cuşagəlmə, heyrət) dövrü yaşadım. Bu möhtəşəm gözəlliyə tamaşa edərkən ülvi hisslər keçirdim. Hər şey canlı-canlı ruhumla danışırdı. Kaş ki, unuda bilsəm. Berlində "sinir" adlandırdıqları ürəkdöyünmələr yaşadım. Həyatım tükənirdi. Qorxurdum ki, yıxılacağam. |
Tarixi
[redaktə | mənbəni redaktə et]Florensiya incəsənətini görən bir çox adam bu başgicəllənmələri və ürəktutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Həmin ildə italyan psixiatrı Graziella Magherini Florensiyada səfərdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Word Spy definition
- Graziella Magherini. La Sindrome di Stendhal Arxivləşdirilib 2009-05-05 at the Wayback Machine. Firenze, Ponte Alle Grazie, 1989.